Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun sərəncamına əsasən, rayonumuzda olan şəhid və qazi ailələri ilə mütəmadi görüşlər keçirilir, onların problemləri ilə maraqlanılır. Müvafiq sərəncama uyğun olaraq, sentyabrın 23-də torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Xocalı rayonundan olan Vətən Müharibəsi şəhidlərinin məzarları onların ailə üzvləri ilə birlikdə ziyarət edildi. Xocalı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, Xocalı rayon İcra Hakimiyyəti Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şəhriyar Quliyev, “Xocalı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Xocalı RTŞ-nin aparıcı məsləhətçisi Nəcəf Həsənov, Gəncə Regional Mədəniyyət İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov, Xocalı rayon İcra Hakimiyyyəti yanında İctimai Şuranın sədri Qalib Quliyev və şəhidlərimizin ailə üzvləri, Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Nəsirov Xəqani Kamran oğlunun, Bərdə rayonu Şirvanlı kənd qəbiristanlığında dəfn edilmiş Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı giziri Ramazanlı Əlizamin Umud oğlunun, Ağcabədi rayon Sarıcalı kənd qəbiristanlığında dəfn edilmiş kəşfiyyatçı Mustafazadə Ceyhun Şükür oğlunun, Ağcabədi şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmiş Ordumuzunun əks-kəşfiyyat bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Miriyev Sənan Arif oğlunun məzarını ziyarət edərək qərənfillər düzdülər, şəhidlərimizə Allahdan rəhmət dilədilər. Ziyarət zamanı şəhidlərimizin ailələrinə başsağlığı verərək bu cür qəhrəman övladlar yetişdirdikləri üçün onlara minnətdarlıq bildirildi. Çıxışlarda qeyd olundu ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizi xalqımız heç bir zaman unutmayacaq. Şəhidlərimiz canı və qanı hesablarına illərdir həsrətində olduğumuz torpaqlarımızı düşmən tapdağından azad etməklə bizim başımızı uca etdilər. İndi onların şəhid olduğu torpaqlarda Şanlı Azərbaycan Bayrağı dalğalanır. 44 gün ərzində düşməni diz çökdürən Azərbaycan Ordusu dünyanı heyrətə gətirdi. Şəhid ailələrinə mənəvi dəstək olmaq hər birimizin borcudur. Şəhid ailələri onların problemləri ilə maraqlanan, dərdlərinə şərik olan insanlara mənəvi dəstək olduqları üçün razılıqlarını bildirdilər, göstərilən diqqət və qayğıya görə Cənab Prezidentə minnətdarlıqlarını ifadə etdilər.